Logo

Rus işğalı sonrası Krımın etnodemoqrafik dəyişimi - TARİX

14.06.2023 21:57 761 baxış
IMG

Krım yarımadasının ilk sakinləri yunan koloniyaçıları, sonradan tavrlar adı ilə tanınan kimmerilər və skiflər olmuşlar.

Yeni feodal münasibətlərinin yarandığı dövrdə isə Krım Bizans imperiyasının tərkibinə daxil edilmişdir. Krım yarımadasında yerləşən ilk türk tayfaları VII-X əsrlərdə Şərqi Avropada mövcud olan türk Xəzər xaqanlığını təmsil edirdi. Qızıl Ordu, Krım xanlığı dövründə Krım yarımadası tamamilə türkləşərək türk qövmlərinin yurduna çevrilmişdir. Türklərin məskunlaşdığı Krım torpaqları çar Rusiyasının işğalçılıq siyasəti nəticəsində onların əlinə keçdi.

Açar sözlər: Krım xanlığı, Krım türkləri, rus-türk müharibələri.

Cənubi Avropada yerləşən Krım yarımadasının sahillərini Qara və Azov dənizinin suları yuyur, materiklə isə Perekop bərzəxi ilə birləşir. Krımın Qara və Azov dənizi sahilləri girintili və çıxıntılı olduğundan gəmiçilik üçün əlverişli idi. Mahir gəmiqayıran olan yunanlar ticarətlə məşğul olmaq məqsədilə Qara dəniz sahillərində özlərinə yeni daimi məskənlər – koloniyalar salırdılar.

E.ə. VIII-VI əsrlərdə Qara və Azov dənizlərinin sahillərinin əhatə etdiyi Krım yarımadasında yunan koloniyaları meydana gəlmişdir. Ticarətlə məşğul olan sənətkar və tacirlər, torpaq payı olmayan kəndlilər, öz yerlərindən qaçmağa məcbur olan insanlar koloniyaların sakinləri idi. Müstəqil şəhər – dövlət olan hər bir koloniyanın öz hökmdarı, qoşunu, xəzinəsi və pulu var idi. Krım yarımadasında yerləşən Pantikapey (İndiki Kerç), Xersones (Sevastopol yaxınlığında), Feodosiya və başqaları böyük şəhər koloniyalar idi. Şəhərlərin ətrafında isə yerli tayfaların yaşayış məskənləri yerləşirdi. Zaman-zaman şəhər koloniyaların əhalisi tədricən qonşu tayfaların insanları ilə qaynayıb-qarışırdı

Rus qoşunları ilk dəfə 1736-cı ildə Krım yarımadasını istila edərək Baxasarayı yandırdılar, 2000 xan sarayı kül oldu, o cümlədən Səlim Gərayın qurduğu zəngin kitabxana məhv edildi. 1737-1738-ci illərdə ruslar təkrar gələrək soyğun və talan işlərini davam etdirdilər və Prutda geri verdikləri Azov qalasını təkrar ələ keçirdilər. Bununla da Krım torpaqları yeni istilalar üçün açıq qaldı.

Rusiyanın hərəkətləri 1768-1774-cü il Türkiyə ilə müharibəyə səbəb oldu. Osmanlı padişahı tərəfindən Rusiyaya müharibə elan edilməsinin ardından 1769-cu ildə Krım türkləri Gəray xanın başçılığı ilə Bessarabiyadan Rusiyanın cənub ucqarlarına müvəffəqiyyətli basqın etdi. Lakin ölkənin içərilərinə düşmək mümkün olmadı. 1770-ci ildə hücuma keçən rus ordusu Budcaqı, 1771-ci ildə isə Krım yarımadasını istila etdilər. Krım xanı III Gəray güclə canını qurtarıb İstanbula sığındı. 1772-ci ildə Rus işğalı altında toplanan qurultayda Sahib Gəray Krımın müstəqil xanı seçildi.

1774-cü il 21 iyulda imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinin 3-cü maddəsinə əsasən Krım, Kuban, Yedisan, Camboyluk və Yedicək tatar xalqları sərbəst və müstəqil elan edildilər. Bu xalqlar öz razılığı ilə Çingiz sülaləsindən seçilən xanların hakimiyyəti altında öz qanun və adətlərinə görə idarə olunmalı idi. Öz-özlərini idarə edən və Allahdan başqa kimsəyə tabe olmayana başqa dövlətlər kimi münasibət görəcək tatarlar müsəlman olduğu üçün isə islamın xəlifəsi sayılan Osmanlıdan şəriətin tələb etdiyi münasibəti görməli idi. Krım yarımadası ilə Buq çayından Kuban çayınadək olan ərazidəki türklər Krım xanının idarəsi altında müstəqil elan edildi, Azov dənizindəki Yeniqala və Kerç, Qara dəniz sahilində Kinburn Rusiyaya verildi Kiçik Qaynarça sülhü Rusiyanı Qara dəniz dövlətinə çevirdi və cənubda onun mövqelərini daha da möhkəmləndirdi.

Təbii olaraq belə bir şəraitdə Krımdakı daxili çəkişmələr şiddətlənərək ölkənin fəlakətə uğraması ilə yekunlaşdı. Krım xanlığının daxilində hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən ruslar 1777-ci ildə Kəfəyi (Feodosiya) və başqa Krım limanlarını işğal etdi. Müsəlman Krım xalqı kütləvi surətdə Türkiyəyə qaçdı. Ruslar onların yerinə 75000 nəfər mühacir yerləşdirdi. Bu dövrdə Krım yarımadasının əhalisi təxminən yarım milyon nəfərə çatırdı.

1783-cü il aprelin 8-də general Patyomkinin komandanlığı altında rus qoşunları Krıma daxil olaraq qadın, uşaq demədən 30000 Krımlını qətl etdi və xanlığı Rus çarliğinin bir vilayətinə çevirdi. Rusiya ilə yeni bir müharibə aparmaq gücündə olmayan Osmanlı dövləti 1784-cü ildə imzaladığı sazişlə Krım, Taman və Kubanın Rusiyaya ilhaq edilməsini tanıdı.

Qara dəniz sahilləri və Krım xanlığı Rusiyanın əlinə keçdikdən sonra bu ərazilərdə yaşayan türklər üçün amansız əsarət illəri başladı. Çar Rusiyasının türklərə qarşı tətbiq etdiyi təzyiq, təqib və ayrı-seçkilik siyasəti nəticəsində Krım tatarları 1772, 1860-1863, 1874-1875, 1891-1902-ci illərdə Türkiyəyə toplu halında köç etdilər. Çar Rusiyası dövlətinin yeritdiyi məqsədyönlü siyasətə uyğun olaraq 1897-ci il əhalinin siyahıyaalma məlumatına görə Krım türkləri yarımada əhalisinin yalnız 35 faizini təşkil edirdi (188000 nəfər).

Krım yarımadasını işğal edən çar Rusiyası bu ərazilərə çoxlu sayda rus, ukrayna, alman və bolqar köçmənləri yerləşdirmişdi. Bu isə onu göstərir ki, çar hökuməti Krım tatarlarına qarşı müstəmləkəçilik siyasətindən əl çəkməmişdir.

Sovet dövləti Krıma sahib olduqdan sonra almanlarla iş birliyi quranlar təqib edilib cəzalanmağa məruz qaldılar. Bu azmış kimi, bütün Krım xalqına düşmən damğası vurularaq 1944-cü il may ayının 18-də mal-qara nəql edilən vaqonlarda sürgünə göndərildilər. Bu sürgündən hətta Sovet ordusunda döyüşən krımlıların ailələri və ya dağlarda almanlara qarşı döyüşən partizan dəstələrindəki Krım tatarları və onların ailələri də qurtara bilmədi. Həftələrlə sürən sürgün və sürgündən sonrakı qeyri-insani şərtlər sayəsində 238500 nəfər əhalinin 109956 nəfəri (46, 2 faizi) məhv oldu. Faktlardan aydın olur ki, Rusiya Krımı ilhaq edəndən sonra yerli əhali zaman-zaman represiyalara məruz qalaraq məhv edilməyə çalışılmışdır. Krım tatarları siyasi cəhətdən ağlanmaq və ana yurdlarına dönmək məqsədilə böyük bir mübarizəyə başladılar. Bütün həyatını Krım türklərinin azadlıq və müstəqillik mücadiləsinə həsr etmiş krım türk millətçilərinin yaşayan əfsanəsi Mustafa Cəmil oğlunun rəhbərliyi altında krım türkləri totalitar sovet rejimi ilə uzun bir müddət mücadilə apardılar, repressiyalardan, sürgünlərdən keçdilər, ancaq sonunda 1967-ci il sentyabrın 5-də Krım tatarlarının haqsız yerə sürgün edildiyi haqqında bir qanun elan olundu. Bu qanun əsasında 1968-1969-cu illərdə 5-6 minə kimi Krım Tatarı krıma döndü. Lakin çox böyük çətinliklərlə qarşılaşan bu adamların bir qismi öz ana yurdlarından zorla geri göndərildi.

Faktlar təsdiq edir ki, Krım yarımadasının ən qədim və köklü sakinləri tatar türkləri olmuşdur. Buna baxmayaraq Krımla bağlı qəbul edilən sənədlərdə tatar türklərinin öz müqəddəratını təyin etmək hüquqlarını görməməzlikdən gələrək onların mənafeyi nəzərə alınmamışdır.

Ədəbiyyat siyahısı.

- KRIMIN TARİXİNƏ DAİR T.Ş.BAXŞƏLİYEV. Bakı Dövlət Universiteti

- Karman Gabor. The European Tributary States of the Ottoman Empire in the Sixteenth and Seventeenth Centuries. səh. 284. 

- Genel Türk Tarihi Ansiklopedisi

- "Крымские татары в европейской миниатюре XVI-XVII вв"

Müəllif: Əli Ələkbərov

Xəbər lenti